Tel:

+994 51 270 90 20

Qeydiyyat tarixi

20-21 Dekabr 2024

E-poçt:

info@azklmib.az

Hörmətli həmkarlar,

Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyi, Türkiyə Transplantasiya İmmunologiyası və Genetikası Dərnəyi və Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə TRANSPLANTASİYADA YENİLİKLƏR,  İMMUNOLOGİYA VƏ GENETİKA KONQRESİ keçirilir. Sizləri böyük məmuniyyətlə 20-21 dekabr 2024-cü il tarixlərində keçiriləcək bu Konqresə dəvət edirik.

Ölkəmizdə İcbari Tibbi Sığortanın (İTS)  tətbiqinə başlanıldığı dövrdən indiyədək  Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin əhatə dairəsi getdikcə genişlənməkdə, Zərfə daha mürəkkəb və bahalı əməliyyatlar da daxil edilməkdədir. 2023-cü avqust ayından başlayaraq transplantasiya əməliyyatları icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb. İcbari tibbi sığorta hesabına 2023-cü ilin avqust ayından cari ilin avqust ayına kimi 145 transplantasiya əməliyyatı icra olunub. Bu əməliyyatların 71-i qaraciyər, 71-i böyrək, 3-ü isə sümük iliyi transplantasiyası üzrə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində həyata keçirilib.

Transplantasiya prosesi, hüceyrələrin qarşılıqlı əlaqəsi ilə bağlı sürətlə toplanan molekulyar səviyyəli məlumatlarla birlikdə yeni diaqnostika və müalicə yanaşmaları tələb edir. Orqan Transplantasiyasının qaçılmaz tamamlayıcısı olan Toxuma Tipləndirmə və İmmunologiya Laboratoriyaları əməliyyatların uğurlu nəticələnməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Bu laboratoriyalarda transplantasiyadan əvvəl və sonra orqan və kök hüceyrə/sümük iliyi transplantasiyası xəstələri üçün lazımi toxuma uyğunluğu və immun reaksiya testlərini həyata keçirmək üçün qabaqcıl üsullardan istifadə edilir.

İTS modelinin uğurlu tətbiqinə adekvat olaraq son dövrlərdə dövlət səhiyyə müəssisələrinin tibbi laboratoriyalarında ciddi islahatlar həyata keçirilir. Orqan transplantasiyasının İTS ilə təminata alınması, eləcə də ölkəmizdə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun qüvvəyə minməsi Toxuma Tipləndirmə və İmmunologiya Laboratoriyalarına olan tələbatı əhəmiyyətli dərəcədə artırdığından bizlərdən də istər bu sahəyə marağı olan mütəxəssislərin davamlı tibbi təhsili, inkişafı və beynəlxalq arenaya inteqrasiya, istərsə də müasir immunoloji və genetik laborator tibb texnologiyalarının idxalı və mənimsənilməsi baxımından mühüm addımlar və məqsədyönlü fəaliyyət tələb olunur.

Laboratoriya mütəxəssislərini klinisistlər və tədqiqatçılarla bir araya gətirmək məqsədi daşıyan bu Konqresdə solid orqan və kök hüceyrə/sümük iliyi transplantasiyasında ən son immunoloji və immunogenetik inkişaflar, onların klinikaya təsiri, texniki detallar, eləcə də mövcud problemlər və həll yolları müzakirə ediləcək. Bununla da öz sahələrində müxtəlif perspektivlərə malik olan yerli və beynəlxalq mütəxəssislərin təcrübələrini, fikirlərini və son yenilikləri bizimlə bölüşəcəyi konqresimizdə bütün iştirakçılarımızla sinergiya əldə edəcəyimizi düşünürük.

Dərin hörmət və ehtiramla,

Homepage 2